Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı sentyabrın 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan bir nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir".
Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 898, hazırkı dövrədək isə 1 milyon 41 min 184 test aparılıb.
Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 30 milyon 380 çox şəxsin yoluxduğu bildirilir. Onlardan da 951 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.