“Turan” İnformasiya Agentiyinin direktoru Mehman Əliyev və vəkil Fuad Ağayev bu gün, sentyabrın 19-da Nəsimi Rayon Prokurorluğuna dəvət ediliblər. Bunu Azadlıq Radiosuna M. Əliyev bildirib. Onun dediyinə görə, prokruroluğa dəvət olunmaları hüquq müdafiəçisi Oktay Gülalıyevin ötən il oktyabrın 29-da yol qəzasına düşməsi ilə bağlı istintaqın gedişi ilə əlaqəlidir.
O. Gülalıyev ailəsinin maraqlarının qanuni nümayəndəsi kimi M. Əliyev bu günlər Baş Prokuror Kamran Əliyevə müraciət edib. Baş Prokurora müraciətində M.Əliyev bildirib ki, O. Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub, başından aldığı zədə nəticəsində hələ də komadadır.
Müraciətdə habelə vurğulanıb ki, fakt üzrə cinayət məcəlləsinin (CM) 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb. M.Əliyev əlavə edib ki, hadisədən təxminən 11 ay keçsə də O. Gülalıyevin ailəsinin və müdafiə tərəfin çağırış və tələblərinə baxmayaraq iş indiyə kimi məhkəməyə verilməyib. Müraciətdə qeyd edilib ki, bu il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hənifəyev M. Əliyevi və F. Ağayevi qəbul edib, görüşdə istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə mlumat verib. M. Əliyev vurğulayıb ki, 2019-cu ilin sonundan vəkil F. Ağayevin istintaq və prokuroluq orqanlarına müraciətlərinə cavab verilməyib:
“Halbuki, bu orqanlar vəkilin vəsatət və şikayətlərinə baxılmasının nəticələri ilə onu qısa müddətə məlumatlandırmalı idilər”
Müraciətə görə, iyulun 4-də keçirilən görüşdə prokuror H.Hənifəyev bildirib ki, istintaq baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli şəkildə araşdıırlmasında maraqlıdır:
“Bununla belə iki aydan çox vaxt keçib, vəkil hələ də müracitlərinə rəsmi cavab ala bilməyib”
Müdafiə tərəfi hesab edir ki, müraciətlər işin obyektiv araşdırılmasına xidmət edir.
Vəkil F.Ağayeyin verdiyi məlumata görə, o, hələ 2019-cu ilin noyabrında iş üzrə obyektiv araşdırma üçün zəruri hesab etdiyi bir sıra sənədlərin və materialların tələb edilməsi haqqında vəsatət verib.
Bu açıqlamaya, hələlik, Nəsimi Rayon Prokurorluğu və Baş Prokurorluqdan münasibət almaq mükün olmayıb.
Xatırlatma
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.
Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir. Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O. Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar. Bu müddət ərzində hüquq müdafiəçisi 4 dəfə əməliyyat olunub.