Sentyabrın 18-də Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.
Bu barədə agentlik bu gün, sentyabrın 21-də məlumat yayıb.
Məlumatda bildirilir ki, sazişə görə, COVID-19 ilə bağlı ÜST-in (Ümumdünya Səhiyyə Təşkilatı) təsdiqlədiyi və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da onunla təmin olunacaq.
Agentlik qeyd edir ki, GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.
Məlumatda yazılıb ki, çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə ÜST və bir sıra qurumlar COVAX platforması yaradıblar: "COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli, bərabər əlçatanlıq imkanı yaratmaqdır. Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil".
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 31 milyon 243 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 965 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 39 min 188 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan da 575 nəfərin vəfat etdiyi bildirilir.