92 yeni yoluxma aşkarlanıb, 1 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı sentyabrın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan bir nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 39280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 olub".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 11, indiyə qədər isə ümumilikdə 1 milyon 57 min 803 test icra olunub.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 31 milyon 312 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da 966 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.