Qubada bir məktəbin 8 müəllimi koronavirusa yoluxub

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəblər açıldı, şagirdlər necə qorunur?

Quba rayonunda bir məktəbin 8 müəllimi koronavirusa yoluxub. Bu barədə ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyinin sentyabrın 21-də yaydığı açıqlamada bildirilir.

Nazirlik qeyd edir ki, ölkədə pandemiya ilə əlaqədar 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Məlumatda yazılıb ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə həftədə 3 dəfə təşkil edilir:

8 minə yaxın valideyn...

"Ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 min 394 şagirddən 7 min 868 nəfərin (1.26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 min 460 nəfər olub".

Buna da bax: Kompüteri olmayan uşaqlar necə onlayn dərs alsın?

Nazirlik bildirir ki, ölkədə fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır: "21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur".

121 nəfərdə koronavirus aşkarlanıb

Nazirlik bildirir ki, dərs ili başlayandan (sentyabrın 15-dən) 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb: "Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməmişlər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olmuşlar... Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib".

Buna da bax: 'Azərbaycanda təhsil millətin gələcəyindən daha çox, biznes sahəsinə çevrilib'

Məlumatda yazılıb ki, Bakıda da müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Azərbaycanda ötən tədris ilində dərslər martın 3-dən dayanmışdı. Həmin təhsil ili onlayn tədrislə də yekunlaşdı. Bu il isə əyani dərslərə öz vaxtında (sentyabrın 15-də) yalnız ibtidai siniflər başlayıb. Onlar da həftədə 2-3 dəfə olmaqla. V-IX siniflərin əyani dərsləri (hazırda onlayn keçilir) oktyabrın 1-də, X-X siniflərinki isə oktyabrın 15-dən başlamalıdır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 31 milyon 490 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 969 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 39 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 576 nəfərin vəfat etdiyi açıqlanıb.