Braziliyada aparılmış araşdırma koronavirusun yayılması ilə denge qızdırması arasında əlaqəni üzə çıxarıb. “Reuters” yazır ki, ağcaqanadların yaydığı bu xəstəliyin COVID-19-a qarşı müəyyən dərəcədə immunitet yaratdığı bəlli olub.
Əlavə araşdırmalara ehtiyac var
Dyuk Universitetinin professoru Miqel Nikolelisin başçılığı ilə aparılan, hələ dərc olunmamış tədqiqatda koronavirusun yayılması ilə 2019-2020-ci illərdə dengenin yayılması müqayisə olunub.
Buna da bax: ABŞ-da koronavirusdan ölənlərin sayı 200 minə çatırDenge qızdırması xüsusilə cənub-şərqi Asiya və Sakit okeanın qərb regionları, Karib adaları, Latın Amerikası, eləcə də ABŞ, Afrika və Yaxın Şərqin bəzi regionlarında endemik infeksiyadır.
Koronavirusa yoluxmaların, artım sürətinin nisbətən yavaş olduğu ərazilərin bu il, ya ötən il denge qızdırmasından əziyyət çəkdiyi bəlli olub.
“Bu tapıntı dengenin Flavivirus serotipləri ilə SARS-CoV-2 arasında immunoloji qarşılıqlı reaksiyanın mümkünlüyünü göstərir”, – araşdırmada deyilir.
“Bu hipotez təsdiqlənərsə, denge infeksiyasının, yaxud təhlükəsiz denge peyvəndinin müəyyən immunitet yarada biləcəyini söyləmək olar”, – tədqiqatda daha sonra vurğulanır.
Nikolelisin sözlərinə görə, nəticələr ona görə maraq oyadır ki, öncəki araşdırmalar qanında denge anticismi olanların koronavirus testlərinin saxta olaraq müsbət çıxdığı hallar bəllidir.
“Bu onu göstərir ki, iki virus arasında immunoloji əlaqə var, onlar tamamilə fərqli ailələrdən olduqlarından bunu heç kəs gözləmirdi”, – professor vurğulayıb, ancaq bu əlaqəni sübut etməkdən ötrü əlavə araşdırmalar gərəkdiyini vurğulayıb.
Buna da bax: Azərbaycan peyvənd almağın hazırlıqlarına başlayıb
COVAX alyansına 150-dən çox ölkə qoşulub
Bu arada 150-dən artıq ölkənin COVID-19-a qarşı vaksinlərin ədalətli paylanmasını hədəfləyən qlobal sxemə qoşulduğu bildirilir. COVAX alyansına Dünya Səhiyyə Təşkilatı (DST) başçılıq edir. Ancaq Çinlə Birləşmiş Ştatlar ona qoşulmayıb.
ABŞ Prezidenti Donald Tramp hökuməti artıq ikitərəfli sazişlərlə potensial peyvənd tədarükünü görüb. Tənqidçilər isə yoxsul ölkələri geridə qoyan bu xudpəsənd yanaşmanı tənqid edirlər.
Koronavirusun ilk yayıldığı Çin də siyahıda yoxdur. COVAX planı çərçivəsində 2021-ci ilin sonunadək 2 milyard vaksin dozasının hazır olacağı, tibb işçiləri və həssas qruplara önəm veriləcəyi bildirilir.
Alyans rəsmiləri Pekinlə dialoqun davam etdiyini vurğulayırlar.
Sxemin dünya əhalisinin üçdə ikisini əhatələyəcəyi qeyd olunur.
Dünyada 31 milyondan çox insanın yoluxduğu koronavirusa qarşı onlarla vaksin sınaqdan çıxmaq mərhələsindədir. Bu xəstəlik 1 milyona yaxın insanın həyatına son qoyub, onun 20 faizi Birləşmiş Ştatların payına düşür.