Rusiya və Çinin silahlı qüvvələri Rusiyanın cənubunda birgə hərbi təlimlərə başlayıblar. ‘Radio France Internationale’ (RFI) təlimlərə Ermənistan, Belarus, İran, Myanma və Pakistan hərbçilərinin də qoşulduğunu yazır. Qonşu Ukrayna isə Birləşmiş Ştatlarla birlikdə hərbi gücünü sınamağa hazırlaşır.
“Qafqaz 2020” təlimlərinə zirehli təkərli vasitələr və yüngül silahlar, həmçinin Çinin son nəqliyyat təyyarələri qatılacaq.
Rusiya Müdafiə Nazirliyi təlimlərin sentyabrın 26-dək davam edəcəyini bildirir.
Ümumilikdə təlimlərdə 80 min hərbçinin iştirak edəcəyi bildirilsə də, Moskva sərhəddə əsgər sayının 13 min nəfəri aşmayacağını bəyan edib. Bu halda ATƏT müşahidəçilərini dəvət etməyə ehtiyac qalmır.
Çin, Ermənistan, Belarus, Myanma və Pakistandan təlimlərə min hərbçinin qatıldığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi bu təlimlərin “hazırda dünyanın pandemiya ilə mübarizə apardığı vacib məqamda” Çin-Rusiya münasibətləri üçün xüsusi anlam daşıdığını qeyd edir.