98 yeni yoluxma aşkarlanıb, 2 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı sentyabrın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 672, hazırkı dövrədək isə 1 milyon 64 min 475 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 31 milyon 527 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da 970 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.