Koronavirus statistikasında artım

COVID-19

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı sentyabrın 23-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 39524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 780, hazırkı dövrədək isə 1 milyon 73 min 255 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Dünən, sentyabrın 22-də 98 yeni yoluxmanın olduğu açıqlanmışdı. Amma həmin gün test saylarının da bundan təqribən 2 min az olduğu qeyd edilmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 31 milyon 850 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 976 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.