Qiyas İbrahimov sərbəst buraxıldığını deyir

Q.İbrahimov

Q.İbrahimov

Sentyabrın 28-də günorta saatlarında saxlandığı açıqlanan Qiyas İbrahimov sərbəst buraxıldığını deyir.

Qiyas İbrahimovun bildirməsinə görə, bu gün, sentyabrın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinə aparılıb.

Gənc fəalın sözlərinə görə, o, İctimai Televiziyanın aparıcısını tənqid etdiyinə görə çağırılıb:

"Bildirdilər ki, həssas məqamda belə statuslar olmamalıdır. Dedilər ki, aparıcını təhqir etmisəm. Razılaşdım və bildirdim ki, bu mənim fikrimdir. Müəyyən məsləhətlər verdilər, mən də öz fikirlərimi çatdırdım".

Qiyas İbrahimov qeyd edib ki, heç bir təzyiqə məruz qalmayıb.

Gənc fəalın dediklərinə, hələlik, Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, gənc fəal Qiyas İbrahimovu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının saxladığı bildirilir.

Bu barədə Q.İbrahimovun anası Şura Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 28-də günorta saatlarında yaşadıqları evə mülkigeyimli şəxslər gəlib: "Özlərini "voenkomat" (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) əməkdaşları kimi təqdim etdilər. Dedilər ki, Qiyası cəbhəyə (ölkədə qismən səfərbərlik elan edilib) aparırlar. Bildirdim ki, Qiyas ağır cinayətə görə məhkum edilmişdi və hərbi xidmətə aparıla bilməz. Lakin sözlərimə məhəl qoymadan "aparmalıyıq" dedilər. Dedim, aparın. Sonradan özləri mənə deyiblər ki, Dövlət Təhlükəsizliyi Xidmətin əməkdaşlarıdır. Hazırda onlarla birlikdə gedirik".

Bu deyilənlərə, hələlik, Dövlət Təhlükəsizliyi Xidməti və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Q.İbrahimov 2016-ci ildə narkotik ittihamı ilə həbs edilmişdi. O, 10 il həbs cəzası almışdı. Amma gənc fəalın bir çox yaxınları bu həbsi onun hazırkı prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək" şüarının yazılması ilə izah edirdilər. Gənc fəal 2018-ci ildə əfv olunub.