Interfax agentliyinin verdiyi məlumata görə Rusiya xarici işlər naziri sentyabrın 30-da Azərbaycan və Ermənistan nazirləri ilə ayrıca olaraq telefon söhbətləri aparıb.
Lavrov Ceyhun Bayramov və Zohrab Mnatsakanyanla söhbətində Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyəti müzakirə edib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Rusiya tərəfindən davam edən genişmiqyaslı hərbi əməliyyatlardan ciddi narahatlıq ifadə olunub. Atəşin dərhal dayandırılmasına və gərginliyin deeskalasiyasına, habelə təxribatçı və davakar ritorikadan çəkinilməsinə çağırış səsləndirilib. Tərəflərin yubadılmadan danışıqlar masasına qayıtmasının zəruriliyi vurğulanıb”.
Rusiya XİN habelə bildirir ki, Moskva müvafiq kontaktların yaradılması üçün “meydança” verməyə hazırdır.
Bu da qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə növbəti dəfə görüşmək çağırışı edilib.
Məlumatda deyilir:
"Lavrov qeyd edib ki, Rusiya həm təklikdə, həm də Minsk qrupunun başqa həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla tənzimlənməsi üçün şəraitin yaradılmasında vasitəçilik səylərini davam etdirəcək”.
Azərbaycan naziri nə deyib?
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)məlumatına görə, Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib:
“Nazir, cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb.”
Bildirildiyinə görə, o, Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu, Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.