Prezident Tramp koronavirusa yoluxub - Reaksiyalar

Donald Tramp xanımı Melania ilə

Prezidentin aparıcı müşaviri Houp Hiksin koronavirus testi oktyabrın 1-də müsbət çıxıb. O bu həftə bir neçə dəfə Trampla bir yerdə olub

Trampın koronavirusa yoluxması xəbəri ABŞ və Asiyada səhm bazarlarına təsirini göstərib, "S&P 500” və “Dow industrials”ın fyuçers kontrakt 2 faiz azalıb. Dünyada neftin qiyməti də düşüb.

İndiyədək dünya liderlərindən Britaniyanın Baş naziri Boris Conson, Braziliya Prezidenti Jair Bolsonaro və Belarusdan Alyaksandr Lukaşenka koronavirusa yoluxub.

Bu xəbər bütün dünyada rəğbət, şok və rişxənd dolu mesajlara səbəb olub.

Kreml və bir sıra ölkə liderləri Tramp və birinci xanıma tezliklə sağalmağı arzu ediblər.

***

Prezidentin həkimi Şon Konli deyib ki, prezidentlə xanımı “hazırda hər ikisi özünü yaxşı hiss edir və müalicə müddətində Ağ evdə qalmağı planlaşdırırlar”.

Buna da bax: Kinoteatrlar özünə gələcəkmi


“Əminəm ki, prezident sağalma müddətində vəzifələrinin icrasını davam etdirəcək və baş verənlərlə bağlı sizi məlumatlandıracağam”, – Konli vurğulayıb.

Ağ ev oktyabrın 2-də Trampın yeni iş qrafikini açıqlayıb, qrafikdə seçki tədbiri planlaşdırılan Floridaya səfər salınmayıb.

Prezident nadir hallarda ictimaiyyət arasında maska taxıb, Demokrat partiyasının namizədi namizəd Co Baydenə buna görə rişxənd edib. Prezidentin köməkçiləri ilə, digər rəsmi görüşlərdə sosial məsafə gözləmədiyi görünür.

***

ABŞ Prezidenti Donald Trampın koronavirus testi müsbət çıxıb və karantin rejiminə keçəcək. Ölkədə prezident seçkisinə isə bir ay qalır.

Tramp oktyabrın 1-də tvitində yazıb ki, onun və Birinci ledi Melania Trampın COVID-19 testləri müsbət çıxıb və karantin rejiminə başlayırlar.

Prezidentdə, yaxud birinci ledidə hansısa simptomların olması bəlli deyil. Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, tipik halda insan yoluxandan beş gün sonra onda simptomlar yaranır, ancaq simptomlar iki, yaxud 14 günə də üzə çıxa bilər.

Prezidentin seçki kampaniyasını dayandırıb-dayandırmayacağı bəlli deyil.

74 yaşlı Trampın virusu daha ağır keçirməsi riski var. O, dolu bədənlidir, bu da virusun riskini gücləndirir.

Houp Hiks

Prezidentin müşaviri Hiksin testinin nəticəsi haqda birinci “Bloomberg” yazıb, onun Minnesotada xəstələndiyi, geri dönərkən prezident təyyarəsində karantinə alındığı bildirilib.

Trampın yoluxması onun yaxın ətrafında digərlərinin də virusa yoluxma və karantinə alınma ehtimalını artırır.

***

Tramp ‘karantin prosesi’nə başlayacağını deyir

ABŞ Prezidenti Donald Trampın müşavirinin koronavirus testi pozitiv çıxandan sonra o da “karantin prosesi”nə başlayacağını deyib.

Prezidentin aparıcı müşaviri Houp Hiksin koronavirus testi oktyabrın 1-də müsbət çıxıb. O bu həftə bir neçə dəfə Trampla bir yerdə olub.

Tramp Twitter-də yazıb ki, birinci ledi Melania Tramp ilə birlikdə test nəticələrini gözləyir və karantinə girəcək.

Buna da bax: Tramp və Bayden ilk debatını keçirib

Müşavir prezidentin yanında olub

“Hətta qısa fasilə götürmədən belə intensiv işləyən Houp Hiksin Covid 19 testi indicə müsbət çıxdı. Dəhşətdir! Birinci ledi və mən testlərin nəticəsini gözləyirik. Bu arada karantin prosesinə başlayacağıq!”, – Tramp yazıb.

Hiks sentyabrın 29-da Klivlenddə prezidentliyə namizədlərin ilk debatı keçiriləndə, eləcə də sentyabrın 30-da prezident Minnesotaya seçki tədbirinə gedəndə onun yanında olub.

Ağ evin sözçüsü Cad Dier deyib ki, “prezident özünün, eləcə də onu və Amerika xalqını dəstək naminə çalışan hər kəsin səhhətinə çox ciddi yanaşır”.

Hiks daha öncə Ağ evdə kommunikasiya direktoru kimi çalışıb, 3 noyabr seçkisi öncəsi yenidən administrasiyaya qoşulub.

Son aylar Ağ evin çoxsaylı əməkdaşında virus aşkarlanıb. Vitse-prezident Mayk Pensinin mətbuat katibi Keyti Millerdə, Ağ evin Milli təhlükəsizlik müşaviri Robert Obrayənin virus testi müsbət çıxıb.