Belarusa qarşı sanksiyalar elan edildi. Lukaşenka siyahıda yoxdur

AB-nin Brüssel sammiti, 1 oktyabr, 2020-ci il

Oktyabrın 2-də erkən saatlara qədər davam etmiş sammitdə AB liderləri Kiprin yaratdığı diplomatik çıxmazı yoluna qoyaraq Belarusla bağlı yubadılmış sanksiya paketi üzrə razılığa gəliblər

Avropa İttifaqı prezident seçkisinin saxtalaşdırılması və dinc nümayişə çıxan vətəndaşların hüquqlarının pozulması ilə bağlı Belarusun 40 vətəndaşına qarşı sanksiyalarını elan edib.

Qərar oktyabrın 1-də Avropa İttifaqının iclasında qəbul olunsa da, oktyabrın 2-də qüvvəyə minib.

Sanksiya siyahısına daxili işlər naziri Yuri Karayev və onun müavinləri, Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina, Xüsusi Təyinatlı Milis Dəstəsinin komandirləri daxil ediliblər.

Siyahıya Belarus daxili qoşunlarının komandanı da salınıb.

Lukaşenka siyahıda yoxdur

AzadlıqRadisounun Rus xidməti bildirir ki, “gözlənildiyi kimi Lukaşenkanın adı siyahıda yoxdur”.

Sanksiyalar tətbiq edildikləri şəxslərin Avropa İttifaqı ərazisinə daxil olmalarını qadağan edir və onlara aid aktivləri dondurur.

Belarus məmurlara qarşı sanksiyalar Avropa İttifaqı xarici işlər nazirlərinin avqustun 28-də keçirilən iclasında müzakirə etmişdi.

Bu müzakirələrin keçirilməsinə səbəb isə Belarus hüquq-mühaizə orqanlarının Minskdə keçirilən kütləvi aksiyaların minlərlə iştirakçısına qarşı həyata keçirdiyi repressiyalar idi.

Buna da bax: Belarusda müstəqil Tut.by xəbər portalı qadağan olunur

Kipr etirazını geri götürüb

Əvvəlcə sanksiyaların sentyabrın 21-də elan ediləcəyi gözlənilirdi.

Lakin artıq sentyabrın 10-da məlum olmuşdu ki, Avropa İttifaqı Kiprin tutduğu mövqeyə görə sanksiyalar barədə konsensusa gələ bilməyib.

Kipr Belarus sanksiyalarına razılıq vermək üçün Türkiyəyə qarşı da sanksiyaların qoyulmasını tələb edirdi.

Sentyabrın 21-də Avropa İttifaqının xarici işlər nazirlərinin iclasında Lukaşenkanın Belarusun legitim prezidenti kimi tanınmaması barədə qərar qəbul edilmişdi.

Kipr nümayəndə heyəti Belarus sanksiyalarına razılığını oktyabrın 1-də verib.

Buna da bax: Britaniya və Kanada Lukaşenkaya sanksiyalar qoyur

Belarus da sanksiya siyahısını açıqlayır

Belarus deyir ki, AB-nin sanksiya planına cavab olaraq bəzi şəxslərin ölkəyə girişini yasaqlayacaq.

Xarici İşlər Nazirliyi oktyabrın 2-də bildirib ki, ölkə “özünə hörmət edən heç bir suveren dövləti qane etməyəcək ultimatum tələblərinə əməl etmədiyinə görə” AB-nin “cəza tədbiri” ilə üzləşib.

Qurum qara siyahının “sivil diplomatik təcrübəyə” uyğun olaraq ictimaiyyətə açıqlanmayacağını bəyan edib.

Kreml də Lukaşenkanı dəstəkləyib, AB-nin sanksiya tətbiq etməsini “zəiflik” adlandırıb.

***

AB liderləri Belarusda 9 avqust prezident seçkisinin saxtalaşdırılması və etirazçılarla qəddarlıqla divantutmaya görə 40 məmura sanksiya planını razılaşdırıb.

Oktyabrın 2-də erkən saatlara qədər davam etmiş sammitdə AB liderləri Kiprin yaratdığı diplomatik çıxmazı yoluna qoyaraq Belarusla bağlı yubadılmış sanksiya paketi üzrə razılığa gəliblər.

“Bu gün sanksiyaları icra etmək qərarına gəldik”, – Avropa Şurasının Prezidenti Şarl Mişel Brüsseldə samitdən sonra reportyorlara deyib.

Buna da bax: Britaniya və Kanada Lukaşenkaya sanksiyalar qoyur

Bu gündən xüsusi prosedur başladılır

Mişelin sözlərinə görə, oktyabrın 2-dən Belarusun 40 məmurunun aktivlərinin dondurulması və səyahət qadağaları qoymaq üçün xüsusi prosedur başlanacaq.

Belarusda 9 avqust seçkisindən sonra rəsmilər Alyaksandr Lukaşenkanın prezident seçildiyini elan ediblər. Müxalifət seçkinin nəticəsini qəbul etmir. Ölkədə kütləvi etirazlar keçirilib.

Ancaq Lukaşenkanın adı sanksiya siyahısında yoxdur. AB diplomatların onun siyahıya daha sonra salına biləcəyini söyləyiblər.

Britaniya və Kanada Lukaşenka daxil olmaqla artıq Belarus məmurlarına sanksiyalar tətbiq edib.

AB seçkinin nəticəsini qəbul etməyib.

“Nümayişçilərə və müxalif siyasətçilərə divantutmaya görə məsuliyyət daşıyanlar cəzasız qalmayacaqlar”, – Avropa Komissiyasının Prezidenti Ursala von der Leyen deyib.

Kipr Türkiyə ilə dəniz sərhədləri mübahisəsinə görə sanksiyaları əngəlləyir, Türkiyəyə qarşı da sanksiyalar tələb edirdi.

Buna da bax: Belarusda müstəqil Tut.by xəbər portalı qadağan olunur

Türkiyəyə xəbərdarlıq olunur

Bu diplomatik baryeri aradan qaldırmaqdan ötrü AB liderləri Kiprə və Yunanıstana güclü dəstək ifadə edən bəyanata razılaşıblar. Türkiyəyə isə mübahisəli ərazilərdə qazma işlərini davam etdirməmək üçün xəbərdarlıq olunur. Dekabrda gözlənən sammitdə Şərqi Aralıq dənizində Türkiyə ilə mübahisədə hansı irəliləyişin əldə olunduğu dəyərləndiriləcək.

“İndi Türkiyə sübut etməlidir ki, bizimlə konstruktiv yolda addımlamaq istəyir… Çox aydın şəkildə deyirik ki əks halda sərəncamımızda hər cür alət var”, – von der Leyen deyib.

AB ilə Ankaranın münasibətlərinin onsuz da gərgin olduğu bir dövrdə Türkiyə iyulda mübahisəli sulara tədqiqat gəmisi göndərib. Afina isə buna cavab olaraq Fransanın dəstəyilə hərbi oyunlar keçirib.

Türkiyə və Yunanıstan sonradan çoxdan dayanmış danışıqları bərpa etməyə razılaşıblar. Özəlliklə Almaniya NATO-nun iki üzvü arasında problemin diplomatik həllində israr edir.

Almaniyanın Kansleri Angela Merkel deyib ki, gərginliyi azaltmaq cəhdləri irəliləyərsə, qaçqın siyasəti və ticarət daxil olmaqla “Türkiyə ilə konstruktiv müzakirələrə” ümidvardır.