'Qarabağ'ın rəqibləri bəlli oldu

UEFA Avropa Liqası Kuboku

Oktyabrın 2-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın rəqibləri müəyyənləşib.

Püşkatmaya ilk dəfə ikinci səbətdən qoşulan Ağdam klubu İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" komandaları ilə birlikdə "I" qrupunda yer alıb.

Qrup mərhələsinin oyunları oktyabrın 22-də, 29-da, noyabrın 5-də, 26-da, həmçinin, dekabrın 3-də və 10-da keçirilməlidir.

"Qarabağ" klubu bu il Azərbaycan çempionu olub. Amma UEFA Çempionlar Liqasının təsnifat oyunlarında mübarizədən kənarlaşdırıldığından UEFA Avropa Liqasının qrupları uğurunda yarışa qatılıb.

Dünən, oktyabrın 1-də Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunan qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla da "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etmişdi.