14 yaşlı uşağın dağıntılar altında qaldığı bildirilir 

Gəncə, 4 oktyabr 2020

Oktyabrın 4-də günün ikinci yarsı Azərbaycan Baş Prokurorlugu cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunu növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Qeyd edilib ki, oktyabrın 4-də saat 15 radələrində yeməkxanaya top mərmilərinin düşməsi nəticəsində orada olan Taynaq kənd sakini 2006-cı il təvəllüdlü Fərid Dilafət oğlu İsgəndərov dağıntılar altında qalaraq həlak olub.

Rəsmi qurumlar bundan əvvəl bildiriblər ki, sentyabrın 27-də cəbhədə döyüşlər başlayandan bəri Azərbaycan tərəfdən mülki əhalidən 24 nəfər qarşı tərəfin atəşləri nəticəsində həlak olub, 111 nəfər yaralanıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Həmsədr ölkələrin liderləri oktyabrın 1-də birgə bəyanat yayaraq tərəfləri atəşkəsə və şərt qoşmadan sülh danışıqlarına çağırıb.