Qırğızıstanda etirazçılara qarşı rezin güllələrdən istifadə edilib

Qırğızıstanda təhlükəsizlik qüvvələri paytaxt Bişkekin mərkəzi meydanında parlament seçkisi nəticələrinə etiraz edənlərə qarşı rezin güllələrdən, gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.

Ötən həftəsonu keçirilmiş seçkidə rusyayönlü prezident Sooronbay Jeyenbekova yaxın olan üç siyasi partiya qalib gəlib.

Buna cavab olaraq 10 siyasi partiyanın tərəfdarları oktyabrın 5-də paytaxtın mərkəzi meydanına yığılaraq seçkilərin saxtalaşdırıldığını bəyan edib.

Bu da xəbər verilir ki, iğtişaş polisi bəzi etirazçılar hökumət iqamətgahına daxil olmaq istəyərkən zorakılığa əl atıb.

AzadlıqRadiosu xəbər verir ki, hökumət evinin yaxınlığında polislə toqquşmalar davam edir. Etirazçılar meydana qayıtmağa can atırlar.

Bu da xəbər verilir ki, Bişkek xəstəxanalarına toqquşmalarda xəsarət almış 120 nəfər gətirilib.

Xəsarət alanların arasında azı iki polis, habelə Ata Meken partiyasının lideri Janarbek Akayev də var.

Akaev və Respublika Partiyasının Mirlan Jeyençoreyev oktyabrn 5-də keçirilən mitinqdə bildirmişdilər ki, 12 siyasi partiyanın liderləri Mərkəzi Seçki Komissiyasına seçki nəticələrinin ləğv edilməsi barədə tələbnaməni imzalayıblər.

MSK bildirib ki, son nəticələr 20 gün müddətində elan ediləcək.

Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib ki, prezident Jeyenbekov oktyabrın 6-da 16 siyasi partiyanın liderləri ilə görüş keçirməyi planlaşdırır.

Qırğızıstanda müxalifət seçkinin nəticəsini tanımayacağını deyir

Qırğızıstanın müxalifət partiyaları oktyabrın 4-də keçirilmiş parlament seçkisinin rəsmi nəticələrini tanımayacağını bəyan edib. İlkin nəticələr üçü hakimiyyətə yaxın olan dörd partiyanın 120 yerlik Ali Şuraya keçdiyini göstərib.

Seçki məntəqələri bağlanandan sonra müxalifət tərəfdarları paytaxt Bişkek və ölkənin şimal-qərbindəki Talas şəhərində dinc yürüşlərə çıxıb, seçkidə kütləvi pozuntulara etiraz etdiklərini deyiblər. Etirazçılar dağılışıb, amma müxalifət liderləri oktyabrın 5-də yenə yürüşlər olacağını bildirib.

Seçkiyə 16 partiya getmişdi. Hökumətpərəst Birimdik, Mekenim Qırğızıstan və Qırğızıstan partiyaları, eləcə də müxalifətin Bütün Qırğızıstan partiyası parlamentə keçmək üçün 7 faizlik baryeri aşıb. Yekun nəticələr oktyabrın 5-də açıqlanacaq.

Müxalifətin Ata-Meken partiyasının liderləri seçkini ölkə tarixində “ən çirkin” seçkilər adlandırıb. Partiya rəsmiləri ölkə boyunca səsvermə məntəqələrində kütləvi pozuntular qeydə aldıqlarını açıqlayıblar.

Ölkənin seçki qanunvericiliyinə görə, heç bir partiya parlamentdə 65-dən artıq yerə sahiblənə bilməz.

Qırğızıstan 1990-cı illərin əvvəllərindən Orta Asiyada “demokratiya adası” adlandırılır. Ölkədə budəfəki seçki kampaniyası da ziddiyyətlərdən əskik olmayıb. Ancaq avtoritar və qeyri-demokratik qonşuları ilə müqayisədə Qırğızıstanda seçki prosesi tam fərqli keçirilir.