Oktyabrın 4-də onminlərlə insan Belarusun paytaxtı Minskdə küçələrə çıxaraq ölkədəki siyasi məhbuslara azadlıq tələb edib. Artıq səkkizinci həftəsonudur Alyaksandr Lukaşenkanın idarəçiliyinə qarşı kütləvi etirazlar keçirilir.
Müxalifətin Nexta xəbər kanalı yazır ki, Minskdə 100 min nəfərdən artıq insan küçələrə çıxıb, polis onları su şırnağıyla dağıdıb.
Etirazçılar müxalifətin ağ-qırmızı rəngli bayrağını qaldırıb, təcridxanalara doğru addımlayıblar.
Hüquq-mühafizə orqanları isə Minskin mərkəzində küçələri bağlayıb, sakinlərin şəhər mərkəzinə getməməsi üçün bəzi metro stansiyalarında qapılar bağlanıb.
Brest, Qrodna, Qomel, Moqilev və başqa şəhərlərdə etirazlar keçirilib.
Buna da bax: Belarusa qarşı sanksiyalar elan edildi. Lukaşenka siyahıda yoxdur
200-dən çox etirazçı saxlanıb
“Vyasna” insan haqları qrupu ölkə boyunca 200-dən çox etirazçının saxlandığını bildirir. 17 jurnalistin də saxlandığı xəbər verilir. Polis sənədləri yoxlayandan sonra onlardan beşindən başqa digərləri buraxılıb.
9 avqust seçkisindən sonra rəsmi orqanlar Lukaşenkanın səslərin 80 faizdən çoxunu yığdığını açıqlayıb. Kütləvi etirazlarda öldürülənlər olub, yüzlərlə insan xəsarət alıb, 10 mindən çox etirazçı saxlanıb.
Müxalifətdən namizəd Svetlana Tixanovskaya seçkidən bir gün sonra qonşu Litvaya sığınıb. O, sentyabrın 30-da kölgə kabineti formalaşadırmağa başladığını açıqlayıb, deyib ki, “Alyaksandr Lukaşenka rejimi təkcə qeyri-legitim deyil, həm də öz vəzifələrini yerinə yetirə bilmir”.
Müxalifətin bir neçə aparıcı üzvü ya həbsə atılıb, ya da ölkədən çıxmağa məcbur edilib.
Qərb Lukaşenkanı Belarus prezidenti kimi tanımır. Oktyabrın 2-də Birləşmiş Ştatlar və Avropa Birliyi (AB) seçkidə saxtakarlı və etirazçılarda divantutmaya görə məsuliyyət daşıyan Belarus rəsmilərinə sanksiyalar açıqlayıb.
Belarus da dərhal AB-yə cavab sanksiyaları açıqlayıb, ancaq qara siyahıya kimlərin salındığı bəlli deyil.