C.Bayramov AB-nin ali nümayəndəsi ilə danışıb

C.Bayramov

Oktyabrın 4-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb: "Nazir Ceyhun Bayramov bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket atəşinə tutulmasını qeyd edib".

Nazirin deməsinə görə, sentyabrın 27-dən bəri Ermənistanın mülki şəxsləri atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 24 mülki şəxs qətlə yetirilib, 111 nəfər isə yaralanıb O vurğulayıb ki, bölgədəki gərginliyin tam məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir: "Cozef Borel bölgədə gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. Nazir Ceyhun Bayramov vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi vacibdir".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycanın açıqlamasına görə, son günlər 20-dən çox kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.