ABŞ Prezidenti Donald Tramp deyir ki, Miladadək ölkəsinin hərbçilərini Əfqanıstandan çıxarmaq istəyir. Prezident bundan öncə daha gec tarix açıqlamışdı.
“Əfqanıstanda xidmət edən azsaylı CƏSUR kişi və qadınlarımız Miladadək evlərinə qayıtmalıdırlar!” - Tramp tvitində yazıb.
Dörd həftədən sonra Birləşmiş Ştatlarda prezident seçkisidir. Tramp 2016-cı il seçkisində “sonsuz müharibələri” bitirməyi vəd etmişdi. Birləşmiş Ştatlar 2001-ci il 11sentyabr terrorundan sonra Əfqanıstanda əməliyyatlara başlayıb və bu, ölkənin ən uzunmüddətli müharibəsinə çevrilib.
Prezidentin tvitindən bir neçə saat qabaq ABŞ-ın Milli təhlükəsizlik müşaviri Robert O'Brayan demişdi ki, gələn ilin əvvəlində Əfqanıstandakı əsgərlərin sayı 2 min 500-ə salınacaq.
Gələn ayadək isə hərbçi sayının 4 minə salınması gözlənir.
“Prezident Tramp vəzifəyə gələndə Əfqanıstanda 10 mindən çox Amerika əsgəri vardı. Bu gün onların sayı 5 mindən azdır, gələn ilin əvvəlinədək 2 min 500-ə düşəcək”, – O'Brayan deyib.
Hazırda Qətərdə Əfqanıstandakı siyasi qüvvələrin danışıqları keçirilir. Bu ilin fevralında Vaşinqtonla Talibanın əldə etdiyi razılaşmada ABŞ hərbçilərinin çıxarılması məsələsi də nəzərdə tutulub.