ABŞ Prezidenti Donald Trampın koronavirusdan müalicəsi başa çatıb və oktyabrın 10-dan ictimai tədbirlərini bərpa edə bilər. Açıqlamanı Ağ evin həkimi verib.
“Oktyabrın 10da Trampın diaqnozundan 10 gün keçir və komandanın apardığı qabaqcıl diaqnostika trayektoriyasına əsaslanaraq həmin tarixdə prezidentin ictimai tədbirlərə təhlükəsiz şəkildə qayıda biləcəyini tam proqnozlaşdırram”, – həkim Şon Konli Ağ evin yaydığı məlumatda deyir.
Konlinin sözlərinə görə, Tramp müalicəyə heç bir yan təsir olmadan “həddən artıq yaxşı” reaksiya verib və “xəstəliyin irəliləməsi” əlaməti görünməyib.
Tramp oktyabrın 1-də koronavirusa yoluxduğunu elan edib, üç gün xəstəxanada yatıb, oktyabrın 5-də Ağ evə qayıdıb.
Konlinin açıqlamasından sonra Tramp deyib ki, oktyabrın 10-da seçki tədbirinə qatılmağa cəhd edə bilər.
“Fox News”a müsahibəsində Tramp deyib ki, şənbə günü axşam Floridada bir tədbirə qatıla bilər. Oktyabrın 11-də isə Pensilvaniyada başqa bir tədbir gözlənir.
Buna da bax: Tramp Miladadək Əfqanıstandan əsgərləri çıxarmaq istəyir
24 saat aralığı iki test götürülməlidir
Hökumətin baş infeksionisti Entoni Fauçi isə bildirib ki, kiminsə hələ də virusu daşıdığını müəyyənləşdirmək üçün 24 saat aralığı ilə iki PCR testi götürülməlidir.
“Prezident 10 gündür simptomsuz gəzirsə, haqqında danışdığımız testləri götürürlərsə, elmi əsaslara söykənərək deyə bilərik ki, onda artıq virus yoxdur”, – Fauçi “MSNBC”yə deyib.
Tramp daha öncə deyirdi ki, xəstəliyinin yoluxucu həddə qalmasına inanmır, seçki tədbirlərinə qatılmaq üçün özünü yaxşı hiss edir. Səhiyyə qaydalarına görə isə onun vəziyyətində olanlar təcrid olunmalıdırlar, hələ də başqalarını yoluxdura bilərlər.
Trampın seçki tədbirinə adətən minlərlə insan gedir, maska taxmırlar. Elə prezident özü də həmişə maska taxmadığına görə, Demokrat partiyasından rəqibi Co Baydenə buna görə lağ etdiyinə görə tənqid olunub.
Təşkilatçılar prezidentliyə namizədlərin gələn həftə ikinci debatının “virtual” keçiriləcəyini açıqlayıblar. Tramp isə “Fox Business Network”ə deyib ki, virtual debata getməyəcək. O, üzbəüzdən başqa istənilən debat ideyasını “zarafat” adlandırıb.
Prezident Debatları Komissiyası oktyabrın 15-də debatın virtual keçirilməsinə qərar verib. Qurum “tərəflərin sağlıq və təhlükəsizliyini qorumağın” gərəkdiyini vurğulayıb.
ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək.