Xocalı istiqamətindən Hadrut qəsəbəsinin yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutulduğu bildirilir.
Bu məlumatı bu gün, oktyabrın 10-da səhər saat 9-24-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
“Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür”,məlumatda yazılıb.
Azərbaycan dünən, oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad edildiyini açıqlayıb.
AMN bu məlumatdan təqribən 10 dəqiqə əvvəl yaydığı açıqlamada isə bildirilirdi ki, oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib
Atəşkəs olacaq
Amma bununla belə yaxın saatlarda atəşkəsin bərpa ediləcəyi gözlənir.
Bununla bağlı oktyabrın 10-u saat 4-57-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.
Bəyanatda yazılana görə, Rusiya prezidenti V.Putinin müraciətinə cavab olaraq, onunla Azərbaycan prezidenti İ.Əliyev və Ermənistan Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:
“1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
“Yaşayış məntəqələri intensiv atəşə məruz qalır”
“Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.” Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 10-u saat 10-06 radələrində yayıb. AMN qeyd edib ki, cavab tədbirləri görülür.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırmışdı.