AXCP: ‘Əli Kərimlinin mühavizəçisinə cinayət işi açılıb’

Ruslan Əmirov, arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühavizəçisi ( ictimai əsaslarla bu vəzifəni yerinə yetirdiyi deyilir) Ruslan Əmirov barəsində oktyabrın 10-da cinayət işi başlandığı bildirilir. Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, R. Əmirov polisin nəzarətinə verilib. Partiyadan qeyd ediblər ki, R.Əmirov iyulda keçirilən "Qarabağa dəstək" yürüşündə iştirak edənlər barəsində açılan cinayət işindəki maddələrlə ittiham olunur.

“Lakin yürüşdə iştirak edən digər şəxslər barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaq bitdiyinə görə, Ruslan Əmirovun işi ayrı icraata verilib",partiyadan qeyd ediblər. Ruslan Əmirovun oktyabrın 9-da Bakıda qaldığı evdə saxlandığı açıqlanmışdı. Amma bu deyilənlərə, hələlik, Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. O, iş məhkəməyə gedib İyulun 15-də Bakıda keçirilən “Orduya dəstək” yürüşündən sonra həbs olunanların işi artıq məhkəməyə göndərilib. Yaxın günlərdə Səbail rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilməlidir. Bu barədə AzadlıqRadiosuna təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib. Həmin cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs var, onlardan 36-sı həbsdədir. Təqsirləndirilənlər arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) 16 nəfər, Müsəlman Birliyi Hərəkatından 2 nəfər, Azərbaycan Demokratiya və Rifah Hərəkatından (ADR) da 1 nəfər fəal var. Vaxtilə Naxçıvan daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də bu işdə ittiham olunanlardan biridir. Onda nə olmuşdu ? Bu il iyulun 14-ü və 15-də Bakda orduya dəstək yürüşü keçirilib, orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Xatırlatma

AXCP-nin hazırda 10-a yaxın üzvü uzunmüddətli həbsdədir. 20 civarında cəbhəçi haqqında isə məhkəməyə qədər həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Onlar ən müxtəlif ittihamlarla üzləşsələr də, AXCP həbs edilən cəbhəçilərin siyasi fəaliyyətlərinə görə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə dinc siyasi fəaliyyətə görə insanların təqib olunmadığını vurğulayırlar. Əli Kərimlinin ictimai əsaslarla işləyən sürücüsü və başqa mühafizəçisi də həbsdədir.