Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər sağalıb. Bu məlumatı oktyabrın 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib. “Hazırkı dövrədək ölkəmizdə 41 min 752 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 909 nəfərdir” Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 7 min 594, ötən müddət ərzində isəümumilikdə 1 milyon 169 min 656 test aparılıb. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Azərbaycanda son günlər aşkarlanan yoluxmada artım müşahidə edilir.Oktyabrın 8-də 191, oktyabrın 9-da isə 215 yeni yoluxma faktının aşkarlandığı açıqlanmışdı.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.