Heç hansısa dadı, yaxud qoxunu sözlə təsvir etməyə çətinlik çəkmisiniz? Otun rəngini, yoxsa qoxusunu təsvir etmək sizə daha asan gəlir? Cavab danışdığınız dillə bağlı ola bilər. Dili öyrənməklə biz öz mədəniyyətimizi və onun daşıyıcılarını daha yaxşı anlaya bilərik.
Şəkərli su, ətirli kağız
BBC yazır ki, insanlara çox vaxt vizual varlıqlar deyirlər. Ana dili ingilis dili olanlar bununla razılaşarlar. Çünki ingilis dilində rəngləri və həndəsi fiqurları təsvir edən söz ehtiyatı çox zəngindir. Ancaq bu dildə qoxuları təsvir edən sözlər çox deyil. Bu yaxınlarda aparılmış bir qlobal tədqiqat üzə çıxarıb ki, insanların dünyanı daha çox görmə, eşitmə, qoxubilmə, dadbilmə, yaxud toxunuş vasitəsilə hiss etməsi mədəniyyətdən-mədəniyyətə dəyişir. Özü də bu, dilimizdə əks olunur.
Tədqiqat 26 alim tərəfindən Avropa, Şimali və Cənubi Amerika, Asiya, Afrika və Avstraliyanın 20 dili arasında aparılıb. İştirakçılardan rəngli kağız, bir qurtum şəkərli su, yaxud ətirli kağız kimi sensor qıcıqları təsvir etmək xahiş olunub.
Nəticə göstərib ki, həyat tərzimiz, bizi əhatələyən mühit və hətta evimizin forması belə hadisələri necə qavramağımıza və bu qavrayışları nə dərəcədə asanlıqla ifadə etməyimizə təsir göstərir.
Buna da bax: Özbəkistan dil qanununu rusdilli mediadan müdafiə etməli olur
100 və 1 milyard adamın danışdığı dil
Britaniyanın York Universitetinin dil, kommunikasiya və mədəniyyətşünaslıq professoru Asifa Məcidin araşdırması Malay yarımadasında yaşayan Cahai adlı ovçu-yığıcı icmasının dili üzərində fokuslanıb. Bu dildə qoxuların təsviri ingilis dilində rənglərin təsviri qədər dəqiqdir.
Sözügedən araşdırmada Avstraliyada cəmi 100 adamın danışdığı Umpila dilindən tutmuş, dünyada 1 milyarda qədər insanın danışdığı ingilis dilinə qədər 20 dil əhatələnib. Ümumilikdə araşdırmaya 313 adam cəlb olunub. Alimlər onlara müxtəlif stimulyantlar verib hər qrupun "kodlaşdırma" qabiliyyətini yoxlayıblar. Bu termin hər qrupun daxilində insanların eyni sözlə eyni şeyi nəzərdə tutmasının səviyyəsini (razılıq səviyyəsi) nəzərdə tutur.
Məlum olub ki, ingilis dilinin daşıyıcıları həndəsi forma və rəngləri çox yaxşı ifadə edə bilirlər. Lao və fars dillərində danışan insanlarsa dadları daha yaxşı ifadə edirlər. Məsələn, onlara acı su veriləndə hamısı fars dilində "acı" mənasını verən "təlx" sözünü işlədib. Ancaq ingilis dilinin daşıyıcıları həmin qıcığa fərqli cavablar veriblər. Onların arasında bu dadı turş, duzlu, acı, nanəli, dərmanlı və s. kimi təsvir edənlər olub.
Buna da bax: Putin rus dilinə ‘müharibə elan edənlərdən’ danışıb
Məcid deyir ki, laborator araşdırmalarda ingilis dilinin daşıyıcıları arasında bu hala daim rast gəlinir. Onlar turş dada da "acı", duzluya isə "turş" deyə bilirlər. "Demək, söz ehtiyatımızın olmasına baxmayaraq, görünür, insanların düşüncəsində dad təcrübəsini dilə çevirməklə bağlı müəyyən çaşqınlıq var", – alim deyir.
Mətbəx və dadlar
Maraqlıdır ki, dadbilmə testində yüksək nəticə göstərən fars, lao və Çin (Kanton) dillərinin daşıyıcıları, eyni zamanda, çox mürəkkəb mətbəxə malikdirlər. Bu mətbəxlər acı da daxil olmaqla ən müxtəlif dadları özündə birləşdirir.
Bəzi dillərin daşıyıcıları müəyyən testlərdə çətinlik çəkiblər. Çünki onların dillərində verilən stimulyantı təsvir edəcək söz mövcud deyil. Avstraliyada yaşayan bir ovçu-yığıcı tayfasının danışdığı Umpila dilində rənglərdən yalnız "qara", "ağ" və "qırmızı" sözləri var. Ancaq bu dilin daşıyıcılarının müxtəlif qoxuların təsviri heyrətamiz dərəcədə dəqiqdir. Bu, yuxarıda adı çəkilən Cahai dilinə də aiddir. Bu, ovçu və yığıcı icmaların çox zaman ən müxtəlif qoxularla zəngin meşələrdə yaşaması ilə bağlıdır.
Maraqlıdır ki, hətta işarə dilləri arasında belə sensor müxtəliflik müşahidə olunub. Bali adasında yerləşən bir kənddə 1200-dək insanın danışdığı kata kolok işarə dilində danışanlar rəngləri təsvir edərkən Umpila dilinin daşıyıcıları qədər çətinlik çəkiblər. Amerika və Britaniya işarə dillərində danışanlarsa, əksinə, bu tapşırığı asanlıqla yerinə yetiriblər.