Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı oktyabrın 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:
“İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.”
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.
Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.