Oktyabrın 17-də Zaqatala rayon mərkəzində saxlandıqları bildirilən «Gəl Danış» sosial layihənin iştirakçıları Ümman Səfərov, Aytan Fərmanqızı və Zülfiyyə Quliyevanın sərbəst buraxıldığı qeyd edilir.
Bu barədə Ümman Səfərov özü də məlumat verib.
Onun sözlərinə görə, polis dünən, oktyabrın 16-da axşam saatlarında qaldıqları otelə gələrək Zaqatalaya səfərin məqsədini soruşub:
«Daha sonra dedilər ki, səhər polis bölməsinə gələk. Səhər saat 8:30-da bölməyə gəldik və axşam saat 7-də buraxıldıq. Məndən səfərin məqsədini, maliyyələşmənin mənbəsini soruşdular, xarici güvvələrə işləməkdə günahlandırıblar, 8 saat bu barədə suallar veriblər. Dedilər, ya maliyyə mənbəyini deyəcəksən ya da cinayət işi açılacaq. Maddələri saydılar… Daha sonra sərbəst buraxdılar. Lakin dedilər ki, sabah Zaqataladan çıxanda xəbər verməliyik».
Ü. Səfərov əlavə edib ki, ona qarşı cinayət işinin qaldırılması məsələsi açıq olaraq qalır:
«Bank hesabımın rekvizitlərini götürdülər, dedilər ki, birinci gün yoxlayacaqlar. Bildirdilər ki, xaricdən maliyyələşirəm, mən isə layihə üçün heç yerdən qrant almadığımı və sadə vətəndaşların xırda ianələri hesabına fəaliyyət göstərdiyimizi dedim. Lakin mənə bildirildi ki, dediyimdən artıq nəsə tapsalar cinayət işini açacaqlar».
Bu deyilənlərə, hələlik, Zaqatala rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Gənclərin Zaqatalada saxlandığı deyilir
Oktyabrın 17-də «Gəl Danış» sosial layihənin iştirakçıları Ümman Səfərov, Aytan Fərmanqızı və Zülfiyyə Quliyevanın Zaqatala rayon mərkəzində saxlandığı bildirilir
Bu barədə Azadlıq Radiosuna layihənin digər iştirakçıları məlumat verib.
Məlumata görə, Ü. Səfərov, A. Fərmanqızı və Z. Quliyeva, bu gün, oktyabrın 17-də səhər saat 9-da kitab və məktəb ləvazimatları paylamaq üçün getdikləri Zaqatalada bu rayonunpolis idarəsinə çağırılıblar. «Bir neçə saat onlarla əlaqə saxlaya bilmirdik. Bir müddət əvvəl əlaqə saxlaya bildik, qızları buraxmaq istəsələr də, Ümmanı buraxmaq fikirləri yoxdur. "Xaricdən maliyələşirsən" , "Dələduzluqla məşğulsan" kimi şeylər deyiblər Ümmana»,dostları söyləyiblər.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirinindən münasibət öyrənmək mümkün olmayıb.
Təşkilatçıların bildirməsinə görə, «Gəl Danış» qeyri-siyası layihədir, məqsəd sağlam düşüncəli insanların sayını artırmaq, gənc liderlər yetişdirmək, vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolunu qabartmaq və eyni zamanda, yeni simaları üzə çıxarmaqdır.
«Gəl Danış» layihəsinin iştirakçılarının artıq, bir ildən çoxdur Azərbaycanın müxtəlif rayonlarına səfər edərək məktəbli uşaqlara kitab və məktəb ləvazimatları payladıqları bildirilir.