İ.Əliyev M.Şəntopu qəbul edib

Mustafa Şəntop , arxiv foto

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev görüşdə deyib ki, Azərbaycan əvvəldə, indi də Türkiyənin dəstəyini hiss edir. Dövlət başçısı çıxışında Qarabağ münaqişəsi və Ermənistanla münasibətlərə də toxunub.

"Onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar...", - deyə o vurğulayıb.

TBMM sədri M.Şəntop isə öz növbəsində qeyd edib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətində fərqli partiyalardan olanlar var: "Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik...".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 70 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.