Tramp baş infeksionistin koronavirusu ‘yanlış anladığını’ deyir

Donald Tramp

Prezidentin sözlərinə görə, amerikalılar koronavirusdan “yorulublar”. Ancaq ölkədə yeni yoluxmaların artması səhiyyə rəsmilərini qabaqlayıcı tədbirlər görməyə məcbur edib

Oktyabrın 19-da ABŞ Prezidenti Donald Tramp ölkənin baş infeksionisti Entoni Fauçini kəskin tənqid edib. Tramp deyib ki, Fauçi və digər ekspertlər koronavirus pandemiyasını idarə etməklə bağlı tövsiyə verərkən məsələni “yanlış anlayıblar”.

Prezidentin sözlərinə görə, amerikalılar koronavirusdan “yorulublar”. Ancaq ölkədə yeni yoluxmaların artması səhiyyə rəsmilərini qabaqlayıcı tədbirlər görməyə məcbur edib.

“Adamlar COVID-dan yorulublar”, – Tramp seçki qərargahının üzvləri ilə telefon söhbətində deyib.


“Böyük iş görmüşəm”

“Adamlar Fauçini və bunu yanlış anlayan bütün bu idiotları eşitməkdən yorulublar”, – deyən Tramp Fauçunun “bəla” olduğunu da sözlərinə əlavə edib.

Prezident daha sonra jurnalistlərə deyib ki, onun şərhi heç də vəziyyətdən “təlaşlanması” anlamına gəlmir. Trampdan soruşublar ki, Fauçiyə sözlə hücumu onun öz dəstək bazasından kənar seçicilərə müraciətinə zərbə vura bilərmi.

“Məncə, mən qəzəblə kampaniya aparıram. Xoşbəxtcəsinə təbliğat aparıram və çox məmnunam, çünki böyük iş görmüşəm”, – Tramp söyləyib.

Prezidentin dediklərindən bir gün öncə Fauçi CBS-ə müsahibəsində deyib ki, Trampın koronavirusa yoluxması onu “qətiyyən” təəccübləndirməyib, çünki keçirdiyi böyük tədbirlərdə çox az adam maska taxıb və sosial məsafə gözləyib.

Tramp sözügedən telefon zəngində 3 noyabr seçkisini qazanacağına inandığını da dilə gətirib. Onun sözlərinə görə, iki həftə öncə hələ də müalicə alarkən bunu proqnozlaşdırmazdı, ancaq indi özünü 2016-cı ilk seçki kampaniyasında olduğundan daha öndə hesab edir.

Buna da bax: Koronavirusa yoluxmalar 40 milyonu keçir

Daha çox amerikalı Fauçiyə qulaq assaydı...

Bu arada rəy sorğuları bir çox ştatlarda onun Demokrat partiyasından rəqibi Co Baydendən geri qaldığını göstərir.

Tramp rəhbərliyi dövründə iqtisadiyyatın daha yaxşı göstəricilər ortaya qoyduğunu vurğulayıb, çünki pandemiya zamanı şirkətləri bağlamayıb.

Respublikaçı senator Lamar Aleksandr isə Fauçini ölkənin “ən tanınmış dövlət qulluqçularından” adlandırıb. Onun sözlərinə görə, əgər daha çox amerikalı Fauçinin tövsiyəsinə əməl etsəydi, “indi daha az yoluxma halı olardı”.

Bayden prezidentin koronavirusla mübarizəsini dəfələrlə tənqid edib. Bu məsələ seçki kampaniyasının əsas mövzusudur.

Birləşmiş Ştatlarda koronavirusa 8 milyon yoluxma təsdiqlənib. Ölkə 220 mindən çox ölümlə dünyada bu göstərici üzrə də liderdir.

Oktyabrın 22-də Tramp və Bayden arasında seçkiqabağı sonuncu debat keçiriləcək.

Baydenin bu həftə Delaverdəki evində debata hazırlaşdığı bildirilir.