Oktyabrın 22-də ABŞ Prezidenti Donald Tramp ilə Demokrat partiyasından prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Bayden arasında seçkiqabağı son debat keçirilib.
3 noyabr seçkisinə iki həftədən də az vaxt qalır.
90 dəqiqəyədək çəkən teledebat namizədlərin ilk debatından xeyli rahat keçib, bunun bir səbəbi danışmayan namizədin mikrofonunun söndürülməsi olub.
Rəy sorğularında rəqibindən geri qalan Tramp debat zamanı koronavirus pandemiyası ilə mübarizəsini müdafiə edib. O deyib ki, Birləşmiş Ştatlar virusla “yaşamağa öyrəşirlər” və ilin sonunadək vaksin əldə olunacaq. Prezident şirkətləri açmağa və iqtisadiyyatı xilas etməyə çağırıb.
“Biz küncə sıxışmışıq. Özümüzə gəlməliyik. Ölkəni bağlaya bilmərik”, – bu ayın əvvəlində koronavirusdan müalicə olunmuş Tramp deyib.
“220 min amerikalı ölüb”
Bayden isə deyib ki, pandemiya yayılır, ancaq Trampın koronavirusdan ölümləri dayandırmaq planı yoxdur.
“220 min amerikalı ölüb. Bu gecə dediyim heç nəyi eşitmirsinizsə, bunu eşidin. Bu qədər ölümə görə məsuliyyət daşıyan istənilən şəxs Birləşmiş Ştatlar Prezidenti olmamalıdır”, – Bayden vurğulayıb.
Keçmiş vitse-prezident pandemiyaya görə ölkəni tamamilə bağlayacağı ittihamlarını rədd edib, deyib ki, daha elmi yanaşma tutacaq.
Tərəflər bir-birini və bir-birinin partiyasını koronavirusla mübarizədə yeni yardım paketinin əldə olunmamasına görə suçlayıb.
Buna da bax: Tramp baş infeksionistin koronavirusu ‘yanlış anladığını’ deyir
Nisbətən az sayda seçicinin hələ kimə səs verməsini qərarlaşdırmadığı bildiriir. Rəy sorğuları prezidentin Demokratların namizədindən 8 faizədək geri qaldığını göstərir. Ancaq Tramp Seçicilər Kollegiyasında çoxluğu qazanmaqla və əsas mübarizə gedən ştatlarda qələbəsini təmin etməklə ikinci müddətə prezident seçilə bilər.
Artıq 47 milyon amerikalı səsvermədə iştirak edib.
İki namizəd ölkədə irqi məsələlərə də toxunublar, Bayden Trampı irqçiliyi qızışdırmaqda suçlayıb. Tramp isə iddia edib ki, afroamerikalılar üçün qulları azad etmiş Abraham Linkolndan savayı, istənilən prezidentdən çox iş görüb.
Debatda milli təhlükəsizlik, seçki təhlükəsizliyi, Çin, immiqrasiya, iqlim dəyişikliyi, enerji və iqtisadiyyata da toxunulub.