Ceymstaun Fondunun portalında təhlilçi Pol Qobl Bakının cəbhədə qazandığı uğurların İrandakı azərbaycanlılar arasında doğurduğu əks-sədadan yazır.
Müəllif bu reaksiyanın yaxın və uzaq təsirlərindən söz açır. Birincisi, bu həyəcan İranın münaqişədəki mövqeyini anlamağa kömək edir – Tehran Moskvanın dərhal və effektiv atəşkəs çağırışını dəstəkləyir. İkincisi, İranda azərbaycanlılara qarşı yeni qadağalar ehtimalını artırır.
Buna da bax: İranda Azərbaycanı dəstəkləyənlər saxlanıb
Tehran ona görə narahatdır ki...
“Bu etnik səfərbərliyin güclənməsi Tehranı ona görə əndişələndirir ki, Azərbaycan Respublikasının hərbi zəfərləri davam edərsə, İranda daxili problemlərə səbəb olar, azərbaycanlıların muxtariyyət tələbləri artar... Ən aşırı halda isə Qarabağda Bakının gələcək qələbələri İranda azərbaycanlıların müstəqillik, Araz çayından şimalda yerləşən Azərbaycanla birləşmək tələblərini yenidən səsləndirməsinə yol açar”, – məqalədə vurğulanır.
Müəllif qeyd edir ki, Bakının sərhədlərini cənuba doğru genişləndirməyə hər hansı maraq ölkəni Tehran və Moskvayla qarşıdurma vəziyyətinə salar. Bu və digər səbəblərdən “gələn həftələr ərzində Azərbaycan yəqin ki, Araz çayından cənubdakı etnik qardaşlara hər hansı çağırışdan çəkinəcək. Tehran isə Qarabağda atəşkəs çağırışlarını davam etdirəcək və yerli azərbaycanlıların Azərbaycan Respublikasının hərbi qələbələrinə reaksiyasını polis gücüylə məhdudlaşdırmağa çalışacaq. Di gəl, İranın azərbaycanlı icmasının Bakının uğurlu kampaniyasına dəstəyini cilovlamaq hər iki hökumətin gücü xaricində ola bilər”, – məqalədə deyilir.
Buna da bax: Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır
Seçim
Ceymstaun Fondunun portalında başqa bir məqalədə Omid Şükri İranın Qarabağ siyasətində neytrallıqla daxili narazılıq arasında qaldığını yazır.
Müəllif oktyabrın 1-də İranın bir sıra şəhərlərində Azərbaycana dəstək yürüşlərinin keçirildiyini, bir sıra fəalların saxlandığını yada salır. Sonrakı günlər İran hökuməti Azərbaycanın ərazi bütövlüyünü bərpasına yönəlik addımlarına dəstək bildirdi.
“Bir tərəfdən Qarabağdakı toqquşmalardan dolayı ölkəiçi təlaşla üzləşən İran həm milli harmoniyanı saxlamağa çalışır, həm də rəsmi neytrallığını qorumaqla Ermənistanın BMT-nin dörd qətnaməsini yerinə yetirməsi üçün təzyiqi artırmış olur”, – müəllif yazır.
Məqalədə deyilir ki, de-fakto baş verməsi bir yana, İranın Ermənistana hər hansı dəstəyinin hiss olunması belə Azərbaycan vilayətlərində iğtişaşlarla sonuclanar. İqtisadi şəraitin çətinliyi isə durumu daha da qəlizləşdirir. İrandakı azərbaycanlı azlığı Qarabağ müharibəsində baş verənləri diqqətlə izləyir və “Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsi Tehranın marağında deyil”, müəllif yazır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər baş verib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 110 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut və Mincivan qəsəbələrini işğaldan azad edib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.