2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6593.1 mln. manat, büdcə xərcləri isə 9046.3 mln. manat təşkil edib.
ARDNF-dən verilən məlumata görə, hesabat dövründə qurum neft və qaz sazişlərinin həyata keçirilməsindən 6235.1 mln. manat əldə edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 358 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı da qurumun 2394 mln. manat kar etdiyi bildirilir.
Hesabata görə, bu ilin yanvar-sentyabr aylarında ARDNF-in 2020-ci il büdcəsinin icrası çərçivəsində 8852.5 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qalan vəsaitin də, əsasən, bir sıra sosial layihələrə xərcləndiyi qeyd edilir. Bu dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 14.9 mln. manat olub.
"2020-ci ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43323.3 mln. ABŞ dolları) nisbətən 0.08% azalaraq 43288.6 mln. dollara bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub", - deyə qurumdan bildirilib.
Xatırlatma
ARDNF 2001-ci ildə fəaliyyətə başlayıb. Neft Fonduna yarandığı vaxtdan bu ilin oktyabrına kimi 165 milyard ABŞ dolları civarında vəsait daxil olduğu bildirilir.