Onlayn təhsil necə olacaq?

E.Əmrullayev

9 şagird həlak olub

Sentyabrın 27-dən (Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəbhədə döyüşlər başlayandan) ölkənin 20-yə yaxın bölgəsində tədrisin dayandırıldığı bildirilir.

Bu barədə oktyabrın 30-da xüsusi karantin rejimi dövründə Azərbaycan ərazisindəki təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

"Son iki həftədə bu aqressiyanın həm məktəblərə, həm mülki əhaliyə qarşı tətbiq edildiyini gördük. Hazırda Azərbaycan terrorçu dövlətlə mübarizə aparır. Son bir ayda bu təcavüz nəticəsində 9 şagirdimiz dünyasını dəyişib. Eyni zamanda 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb", - o vurğulayıb.

Nazirlər Kabinetinin qərarı ilə noyabrın 2-dən dərslər bir ay ərzində distant olacaq.

Buna da bax: Noyabrın 2-dən tədris distant olacaq

"Platformalar VPN-siz işləyəcək"

Nazir onlayn təhsilin icrasından da bəhs edib.

O deyib ki, son həftələrdə koronavirusa yoluxma artıb. Nazirin sözlərinə görə, sentyabrın 15-də dərslər açılanda əyani tədris müəyyən plan əsasında həyata keçirilib. Onun vurğulamasına görə, son günlər koronavirusun kəskin artması və başqa amillər nəzərə alınaraq bütün təhsil müəssisələrində tətil elan edilib. "Əsas məqsəd situasiyanı düzgün təhlil etmək, eyni zamanda, müəyyən hazırlıq işləri apararaq ən optimal qərarları vermək olub", - o vurğulayıb.

E.Əmrullayevin sözlərinə görə, son iki həftə ərzində bir sıra hazırlıq işləri görülüb. Nazirin fikrincə, ən optimal qərar verilib və bütün təhsil müəssisələrində onlayn tədrisə keçirilir: "... Əvvəlki dövrlərdən bu təcrübə var, inanıram ki, nə qədər çətinlik olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik".

Buna da bax: Online təhsil kütləvi savadsızlığa səbəb ola bilərmi?

Nazirin deməsinə görə, ən böyük məsələ ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Onun əlavə etməsinə görə, müəyyən problemlər var və bura internetin keyfiyyəti də daxildir.

Nazirin vurğulamasına görə, platformalar VPN-siz işləyəcək: "İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı da problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq maarifləndirmə işi aparaq".

Sentyabrın 27-də döyüşlər başlanandan sonra ölkədə internetin rəsmən məhdudlaşdırıldığı açıqlanıb.