F.Abbasovun ölümü ilə bağlı cinayət işi açılıb

F.Abbasov

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun saxlanıldığı Qobustan həbsxanasında ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə "Turan" agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Penitensiar Xidmətdən izah

"Noyabrın 9-da Penitensiar Xidmətin həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib".

Bunu isə Penitensiar Xidmətindən bildiriblər.

Qurumun məlumatına görə, onu həbsxana əməkdaşları dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçiriblər: "İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Fəxrəddin Abbasovun intihar etdiyi deyilir

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasovun Qobustan Qapalı Həbsxanasında intihar etdiyi deyilir.

Bu barədə noyabrın 10-da Azərbaycan Talışlarının İctimai Şurası məlumat verib.

Şura F.Abbasovun ölümünün müəmmalı olduğunu hesab edir. "F.Abbasov dəfələrlə yaxınlarına demişdi ki, onu öldürüb ölümünü intihar kimi təqdim edə bilərlər. O bildirmişdi ki, intihar etməyə niyyəti yoxdur", - qurumun açıqlamasında yazılıb.

Şura ölkə rəhbərliyinin F.Abbasovun ölümünün obyektiv araşdırılmasını təmin edəcəyinə ümid etdiyini bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən isə "Turan" agentliyinə məsələ ilə bağlı heç bir məlumatları olmadığını bildirdilər. Lakin qurumdan qeyd olunub ki, istənilər intihar faktı ilə bağlı cinayət işi qaldırılır.

Xatırlatma

Ermənistan xüsusi xidmət orqanının əməkdaşıyla əlaqədə, Azərbaycan əleyhinə çağırışlarda suçlanan Fəxrəddin Abbasova 16 il həbs cəzası kəsilib. Bu il fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb. O, Cinayət Məcəlləsinin (CM) 274 (Dövlətə xəyanət), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar ) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə təqsirli sayılıb.

Xeyli müddət Rusiyada müvəqqəti yaşayış hüququ ilə yaşayan F.Abbasov haqqında ötən ilin fevralında Moskva vilayəti Lyuberetsk şəhər Məhkəməsi deportasiya qərarı çıxarıb. Əsas kimi isə müvəqqəti yaşayış müddətinin bitməsi göstərilib. O, fevralın 28-də Rusiyadan vətəndaşı olduğu Azərbaycana göndərilib və Bakıda elə hava limanında saxlanıb.

Ardınca da Dövlət Təhlükəsizliyi Xidməti onun haqqında rəsmi açıqlama yayıb. Bildirilib ki, F.Abbasovun Ermənistana səfərləri, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşıyla görüşü, əlaqələri, orada keçirilən, mediada, sosial şəbəkələrdə yayılan tədbirlərə canlı yayımda qoşulub Azərbaycan əleyhinə çağırışlar etməsi və başqa məsələlər araşdırılır.

F.Abbasov məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, Ermənistanın xüsusi xidmət orqanlarıyla əməkdaşlığı barədə deyilənlər yalandır.