Hikmət Hacıyev: 'Fransa... qısqanclıq keçirir'

H.Hacıyev

"Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana ittihamlar irəli sürür". AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O, deyib: "Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir".

Buna da bax: Müharibənin bircə qalibi var

Onun qeyd etməsinə görə, Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir:

"...Fransanın səlahiyyəti yoxdur"

"İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir. ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur".

H.Hacıyevin vurğulamasına görə, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir: "Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir".

Buna da bax: Rusiya sülhməramlılarının Qarabağa gəlməsi nələr vəd edir? Keçmiş həmsədr bunları deyir

Fransa prezidenti Emmanuel Makron noyabrın 10-da Ermənistan və Azərbaycan arasında müharibənin dayandırılmasına dair sazişin imzalanmasından sonra Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə çağırıb.

E.Makron habelə deyib ki, uzunmüddətli razılaşmalar Ermənistanın maraqlarını qorumalıdır.

Fransa prezidentinin ofisi də bildirib ki, "Dağlıq Qarabağ ermənilərinin yaxşı şəraitdə qalması və evlərindən qaçmış minlərlə erməninin evlərinə qayıtması üçün təcili səylər göstərilməlidir".