Çində alıcılar builki Subaylar Günündə 100 milyard dollardan çox pul xərcləyiblər. Bu, koronavirus pandemiyasından özünə gəlməyə çalışan Çin üçün istehlakda dirçəlişin əlamətidir.
Noyabrın 1-dən 11-dək alıcılar Alibaba şirkətinin Taobao və Tmall elektron ticarət platformalarında 498.2 milyard yuan (75.1 milyard dollar) xərcləyiblər. Rəqib JD.com platformasında isə 271.5 milyard yuan (40.9 milyard dollar) xərcləndiyi bildirilir.
Subaylar günü dünyada ən böyük ticarət festivalı sayılır, alıcılara bir sıra məhsullar üzrə böyük endirimlər təklif olunur. Bu tədbir Çində istehlak barometri kimi diqqətlə izlənir.
Bu gün noyabrın 11-nə düşdüyü üçün Subaylar günü adlanır, “11.11” yazılanda Çin dilində tək, subay mənasını verən ifadəyə bənzəyir.
“Alibaba” şirkəti 2009-cu ildə ilk dəfə Subaylar günündə alış-veriş festivalına başlayıb və son on ilin ən böyük tədbirinə çevrilib. Festival adətən ABŞ-da Qara Cümə və Kiber Bazar Ertəsini kölgədə qoyur.