Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üzrə üçtərəfli razılaşma onun yekun statusunu müəyyənləşdirmir və tezliklə ATƏT-in Minsk prosesini bərpa etmək lazımdır. Bunu Ermənistan Prezidenti Armen Sarkisyan deyir.
“Bu, Minsk prosesi deyil, üçtərəfli atəşkəs razılaşmasıdır. Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə Minsk prosesinə qayıtmaq üçün hər şeyi sürətlə etmək lazımdır. Bu qrupa Artsaxın (ermənilər Qarabağa belə deyirlər) yekun statusunu müəyyənləşdirmək mandatı verilib. Bu sənəd Artsaxın yekun statusunu müəyyənləşdirmir”, – Sarkisyan mədəniyyət, idman və ictimai təşkilatların təmsilçiləri ilə görüşündə deyib.
Buna da bax: Milli Məclisdə P.Bülbüloğlu tənqid edilib
Yekun həll deyil...
Bu il sentyabrın 27-dən noyabrın 9-u günün sonunadək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da açıqlanmış üçtərəfli bəyanatda deyilir ki, tərəflər tutduqları mövqelərdə qalırlar, təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir. Baş nazir Nikol Paşinyan bu razılaşmanı özü üçün çox çətin qərar adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyev isə sənədi Ermənistan üçün kapitulyasiya sayır, hərbi mərhələnin bitdiyini, indi siyasi məsələlərin başlandığını deyib.
Ermənistan prezidenti isə deyir ki, üçtərəfli razılaşma yekun həll təklif etmir. Elə Baş nazir Nikol Paşinyan da noyabrın 12-də bəyan edirdi ki, Qarabağın beynəlxalq səviyyədə tanınması mütləq prioritetdir və hazırda bu məsələnin xeyrinə daha tutarlı arqumentlər mövcuddur.
Buna da bax: Qarabağda evlərin yandırılması videoları yayılır
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
1992-ci ildən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Azərbaycan hakimiyyəti ərazi bütövlüyünün bərpasını tələb edir, son dövrlər Minsk qrupunun fəaliyyətini kəskin tənqid edirdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
İlham Əliyevi statusu necə görürdü
Dağlıq Qarabağın statusuna gəlincə, Prezident Əliyev üçtərəfli razılaşmaya status məsələsinin salınmadığını 10 noyabr çıxışında xüsusi vurğulayıb. O, status məsələsinin “cəhənnəmə getdiyini” deyib. Əliyev daha öncə Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq, öz müqəddəratını təyinetmə hüququ Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır.
"Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər...", - o vurğulayıb.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da noyabrın 12-də Dağlıq Qarabağın statusuna toxunaraq deyib ki, həm orada yaşayan, həm yaşamış, həm də qayıtmalı olan şəxslərin hüquqları nəzərə alınaraq statusla bağlı bütün məsələlər müzakirə olunmalıdır.