Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
Bu məlumatı bu gün, noyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib:
“Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.”
Həmçinin bildirildiyinə görə, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə həlak olan Azərbaycan ordusunun altı hərbi qulluqçusunun cəsədi də təhvil alınıb:
“Humanitar aksiya Azərbaycan Respublikası prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib”
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.