Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı noyabrın 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 26 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 87163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60869 nəfər müalicə olunaraq sağalıb, 1079 nəfər vəfat edib, aktiv xəstə sayı 25215 nəfərdir".
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13618, ötən müddət ərzində isə ümumilikdə 1576060 test aparılıb.
Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.