SpaceX kosmosa 4 astronavt aparır

Arxiv fotosu

Missiyanın Yerin 400 km-lik orbitində yerləşən laboratoriyaya noyabrın 16-da, 27 saatlıq uçuşdan sonra çatacağı gözlənir.

Noyabrın 15-də SpaceX şirkətinə məxsus raket və kosmik cihazla Beynəlxalq Kosmik Stansiyaya dörd astronavt yola salınıb. NASA-nın missiyasına Floridadan start verilib.

Missiyanın Yerin 400 km-lik orbitində yerləşən laboratoriyaya noyabrın 16-da, 27 saatlıq uçuşdan sonra çatacağı gözlənir.

Missiyaya Mayk Hopkins rəhbərlik edir, digər üzvlər NASA astronavtları Viktor Qlover Şaon Uolker və yaponiyalı veteran astronavt Soiçi Noquçidir.

NASA bunu özəl şirkətin hazırladığı raket və kosmik cihazla ilk “əməliyyat” missiyası adlandırıb.

Avqustda SpaceX-in Draqon raketi ilə sınaq uçuşu həyata keçirilmiş, kosmik stansiyaya iki astronavt aparılmış və ikisi Yerə qaytarılmışdı. Bu, doqquz ildən sonra NASA-nın ABŞ torpağından kosmosa ilk heyətli missiya yola salması idi.

Dünənki yolasalma mərasimini vitse-prezident, Milli Kosmik Şuranın sədri Mayk Pens də izləyib. NASA rəsmilərinin bildirməsinə görə, SpaceX rəhbəri İlon Mask həmişəki kimi nəzarət otağında olmayıb.

Mask noyabrın 14-də “çox güman” COVID-19-un yüngül formasına yoluxduğunu açıqlayıb. O, ötən həftə kiçik soyuqdəymə simptomları olduğunu, noyabrın 15-də isə özünü “xeyli normal” hiss etdiyini bildirib.

SpaceX və NASA Maskın astronavtlarla ünsiyyətdə olmuş heç kəslə təmasda olmadığını müəyyənləşdiriblər.