Dərbənd qalasının divarı dağılıb

Arxiv fotosu

Dərbənd qalası “Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin məsuliyyət zonası”na daxildir

Dağıstanda Dərbənd qalasının divarının bir hissəsi dağılıb. Bu haqda respublikanın dövlət katibi və Dərbəndin keçmiş meri Xizri Abakarov məlumat verib.

“Davamlı yağışlar Dərbənddə cənub qala divarının Orta-Qapı darvazaları ilə birlikdə dağılması ilə nəticələnib. Bu, şəhər üçün böyük fövqəladə vəziyyətdir. Cənub qala hissəsi – UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir”, – o, “İnstagram” səhifəsində yazıb.

Abakarovun sözlərinə görə, “ruhsuz bürokratiya belə faciəvi nəticələrə gətirib”. O qeyd edir ki, Dərbənd qalası “Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin məsuliyyət zonası”na daxildir. Bu səbəbdən yerli orqanlar müstəqil təmir işləri apara bilməyiblər.

Daha öncə yayılmış məlumata görə, Moskvada hüquq-mühafizə orqanları Dərbənd qoruq-muzeyinin keçmiş direktoru Əli İbrahimovu saxlayıblar. O, büdcə pullarının mənimsənilməsində şübhəli bilinir.

Dərbənd qalası vaxtilə köçərilərin hücumlarına qarşı tikilmiş müdafiə sisteminin bir hissəsidir. Qala UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb.