İsrail Suriyaya raket zərbələri endirib

Golan Yüksəkliyi, arxiv fotosu

İsrail noyabrın 18-də Suriyada ordunun və İranın Qüds qüvvələrinin hədəflərinə hava zərbələri endirdiyini bildirib. Bundan öncə İsrailin nəzarətində olan Golan yüksəkliyində sərhəd boyunca bombalar aşkarlandığı açıqlanıb.

Suriya dövlət xəbər agentliyi zərbələrdə üç hərbçisinin öldürüldüyünü, birinin yaralandığını xəbər verir.

İsrail 1967-ci il müharibəsində Golan Yüksəkliyini ələ keçirib, sonradan ilhaq edib, ancaq beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

İsrail ordusunun sözçüsü Suriya tərəfdə səkkiz hədəfin vurulduğunu deyib.

İsrail indiyədək dəfələrlə Suriyada İrana və digər müttəfiq hərbi hədəfləri, o cümlədən Livanın Hizballah qruplaşmasına məxsus hədəfləri vurduğunu açıqlayıb.

İran Suriya Prezidenti Başar Assadı dəstəkləyir. Ancaq Dəməşq heç vaxt Suriyanın vətəndaş müharibəsində İran qüvvələrinin iştirakını açıq bəyan etməyib.

İsrail isə İranı özünə ən böyük təhdid hesab edir, Suriyada İranın daimi hərbi iştirakına dözümlü yanaşmayacağını bildirir.