Səfir sanksiyalarla bağlı prezidentə bunları deyib...

Prezident İ.Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. 18 noyabr 2020

Prezident İlham Əliyev noyabrın 18-də Niderland Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eyzemanın etimadnaməsini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, "Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf edib".

Dövlət başçısı əlavə edib ki, obyektiv səbəblərə görə onların görüşü təxirə salınıb: "Mənə məlumat verilmişdir ki, Siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz".

Prezident daha sonra da deyib: "Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək".

Buna da bax: Azərbaycan XİN Rusiya prezidentinin qiymətləndirməsinə şərikdir

"Azərbaycan öz ərazisində döyüşürdü"

Prezident əlavə edib ki, Ermənistan Azərbaycana hücum edib: "Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik".

İ.Əliyev daha sonra noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanatdan bəhs edib. "Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir... Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayacaq. Vəziyyət indi sabitləşir".

Buna da bax: ABŞ dövlət katibi Dağlıq Qarabağla bağlı bəyanat verib

Səfir: "Sanksiyalar gündəlikdə deyil"

Xəbərə görə, səfir Pauline Eyzema isə deyib ki, onun hökumətinin mövqeyi çox balanslaşdırılıb: "Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı".

Onun vurğulamasına görə, nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirib ki, qaldırılan bu məsələlər hökumətin mövqeyinə uyğun deyil: "Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm".

Buna da bax: Azərbaycan dağıntılar üçün Ermənistandan necə təzminat ala bilər?

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.