Pompeo Gürcüstan rəsmiləri ilə görüşüb

Mayk Pompeo II Patriarx İlya ilə də görüşüb

ABŞ Dövlət katibi Mayk Pompeo Gürcüstan rəsmiləri ilə görüşlərində regionda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.

Pompeo noyabrın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Giorgi Qaxariya və Xarici İşlər naziri Davit Zalkaliani ilə görüşlərində Gürcüstanda demokratik institutların möhkəmləndirilməsindən də danışıb.

Dövlət katibi “Birləşmiş Ştatların Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib, qlobal terrorçuluqla mübarizəyə verdiyi ciddi töhfələri alqışlayıb”.

Pompeo Gürcüstana yeddi ölkəyə səfəri çərçivəsində gəlib. Bundan öncə isə Demokrat Partiyasından Co Baydenin 3 noyabr seçkisinin qalibi olmasını inkar edib. Prezident Donald Tramp da uduzduğunu etiraf etmir, məhkəmə iddiaları qaldırır.

Noyabrın 18-də İsrailə yola düşməzdən öncə Pompeo Gürcüstanın vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb, ölkənin inkişafında ədliyyə islahatı və vətəndaş cəmiyyətinin roluna toxunub.

Gürcüstan müxalifəti 31 oktyabr parlament seçkisinin nəticələrini qəbul etmir, etirazlar keçirir. Hakim “Gürcü Arzusu” partiyası seçkinin qalibi elan olunub.