Google şirkətinə qarşı ‘təhlükəli kontent’ araşdırması

İllüstrativ foto

Google şirkətinin qadağan olunmuş kontenti axtarış mühərrikindən çıxarmadığı bildirilir

Rusiyanın media tənzimləyicisi Roskomnadzor ABŞ-n Google texnologiya nəhənginə qarşı araşdırmaya başlayıb. Google şirkətinin qadağan olunmuş kontenti axtarış mühərrikindən çıxarmadığı bildirilir.

Roskomnadzor noyabrın 23-də bəyan edib ki, Google axtarış mühərrikindəki “təhlükəli kontent”in 30 faizini silmir.

“Şirkət Rusiya qanunvericiliyinin tələblərinə əməl etməməkdə ittiham olunur”, – bəyanatda vurğulanır.

Buna da bax: 'Moskva Bakıdan maksimum güzəşt əldə edənə qədər...'

5 milyon rubladək cərimə

İddia olunan təhlükəli kontentə ekstremizm, pornoqrafiya, intiharın təbliği kimi mövzuların daxil olduğu bildirilir.

Bu administrativ prosedur məhkəmə işilə və 5 milyon rubladək (65 min 670 dollar) cəriməylə nəticələnə bilər.

Google hələlik, məsələni şərh etməyib.

Buna da bax: Putin Baydeni niyə təbrik etmədiyini izah edir

Rusiya qanunvericiliyinə görə, axtarış mühərrikləri Rusiyada bloklanmış saytları axtarış nəticələrindən çıxarmalıdır. Bundan ötrü isə onlar qadağan olunmuş saytların reyestri ilə əlaqə qurmalıdırlar.

Google daha öncə də nisbətən kiçik məbləğlərdə cərimələnib, Roskomnadzor-un qadağan olunmuş informasiya reyestrinə uyğun olaraq axtarış nəticələrinin filtrindən imtina edib.

Şirkət mütəmadi olaraq axtarış mühərriklərindən qadağan olunmuş saytları çıxarır, ancaq bunu avtomatik deyil, qadağanın əsaslarını öyrənəndən sonra edir.