Ermənistanda nazirlərin istefası davam edir

Araik Arutyunyan

Ermənistanın İqtisadiyyat naziri Tiqran Xaçatryan da istefa verib. Onun mətbuat katibi Anna Oqanyan Azatutyun Radiosuna informasiyanı təsdiqləyib.

Nazirin istefa ərizəsini noyabrın 23-də təqdim etdiyi, ancaq müvafiq qərar qəbul edilənəcən vəzifəsinin icrasını davam etdirdiyi bildirilir.

Baş nazir Nikol Paşinyanın sərəncamıyla, noyabrın 20-dən Qabriyel Balayan Müdafiə nazirinin müavini vəzifəsindən azad olunub. O, 2018-ci ilin mayından bu vəzifədə idi.

***

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyan vəzifəsindən azad olunub. Prezidentin fərmanıyla onu Vaqram Dumanyan əvəzləyəcək.

Arutyunyan 2018-2019-cu illərdə təhsil və elm naziri işləyib, 2019-cu il iyunun 1-dən isə Təhsil, Elm, Mədəniyyət və İdman naziri postuna təyin olunub.

Vaqram Dumanyan Yerevan Dövlət Universitetinin İnformatika və tətbiqi riyaziyyat fakültəsinin dekanıdır, fizika-riyaziyyat elmləri doktoru, professordur.

Daha öncə müdafiə naziri David Tonoyan, Əmək və Sosial Məsələlər naziri Zarui Batoyan, Fövqəladə Hallar naziri Feliks Tsolakyan və Xarici işlər naziri Zohrab Mnatsakyan istefa veriblər.