Facebook 4 milyon rubl cərimə ödədi

Arxiv fotosu

Twitter hələlik, cəriməni ödəməyib

Facebook şirkəti rusiyalı istifadəçilərin şəxsi məlumatları olan serverləri Rusiyaya köçürməkdən imtina etdiyinə görə 4 milyon rubl (53 min dollar) cərimə ödəməli olub. “İnterfaks” xəbəri Moskvanın Taqanski məhkəməsinə istinadla yayıb.

İcra məmurları Facebook-la bağlı icra işini dayandırıblar.

Fevralda məhkəmə Facebook və Twitter şirkətlərinin hərəsinə 4 milyon rubl cərimə kəsmiş, onları rusiyalı istifadəçilərin şəxsi məlumatlarının Rusiya ərazisində saxlanması qanununu pozmaqda ittiham etmişdi. Twitter hələlik, cəriməni ödəməyib.

Buna da bax: Facebook kontent işçilərini ofisdən işlətməkdə suçlanır

2019-cu ilin aprelində isə məhkəmə Twitter və Facebook-u 3 min rubl cərimə etmişdi. Onlar rusiyalı istifadəçilərin məlumatlarının ölkə daxilində saxlanmasıyla bağlı informasiyanı “Roskomnadzor” media tənzimləyicisinə verməkdən imtina etmişdilər.

Cərimələr artırılıb

O zaman Twitter cəriməni ödədi, amma eyni zamanda bunu Ali Məhkəmədə mübahisələndirməyə çalışdı.

2016-cı ildə isə LinkedIn sosial şəbəkəsi rusiyalı istifadəçilərin məlumatlarını köçürmədiyinə görə “Roskomnadzor” tərəfindən bloklandı.

Buna da bax: Rusiyada sosial şəbəkələri bloklaya bilərlər

Bəzi ölkələr vətəndaşlarının şəxsi məlumatlarının dövlətin ərazisində saxlanması öhdəliyi qoyan qanunları qəbul ediblər. Rusiyada belə bir qanun 2015-ci ildə qüvvəyə minib.

2019-cu ildə qəbul olunmuş əlavələrlə isə cərimələrin məbləği ciddi şəkildə artırıldı. İndi hüquqi şəxslər qanunu birinci dəfə pozanda 1 milyondan 6 milyonadək, təkrar pozuntuya görə 6 milyondan 18 milyonadək cərimə ödəyirlər.

Noyabrda Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində “Rusiya mediasının senzurası” ilə məşğul olan xarici internet-platformalara sanksiyalar nəzərdə tutulub. Qanun YouTube, Facebook və Twitter-i bloklamağa, Rusiya ərazisində onların trafikini zəiflətməyə imkan verəcək.