Yaşı 45-dən çox olanlar rayona gedə bilmirlər

Aşqabad, arxiv fotosu

Noyabrın əvvəlindən Türkmənistanda regionlar arasında üzrlü səbəb olmadan köç etmək qadağan olunub və 2021-ci ilədək qüvvədədir

Türkmənistan hakimiyyəti yaşı 45-dən yuxarı olanların rayonlara getməsini qadağan edib. Bu haqda AzadlıqRadiosu-nun Türkmənistan xidməti – Radio Azatlık xəbər yayıb.

“Media-Türkmən” nəşrinin məlumatına görə, qadağa yaşı 50-dən yuxarı olanlar üçündür, onların doğma şəhərindən çıxması yasaqlanıb.

Buna da bax: Bayram bitir, yoluxmalar artacaqmı

“Azatlık” radiosunun ölkənin şərqi Lepab vilayətindəki müxbirinin məlumatına görə, təhsil ocaqları, polis və digər rəsmi qurumlar məhdudiyyətlərin səbəblərini izah edirlər. Onların mövqeyincə, yaşı 45-dən yuxarı olanların immuniteti zəifdir və yoluxucu xəstəliklərə tutula bilərlər.

Bu qadağanın koronavirus pandemiyası ilə əlaqəli olduğu güman edilir. Ancaq Türkmənistan hakimiyyəti ölkədə bircə nəfərin də virusa yoluxmadığını bildirir.

Buna da bax: Qazaxıstanda partiya seçkini boykot edir

Noyabrın əvvəlindən Türkmənistanda regionlar arasında üzrlü səbəb olmadan köç etmək qadağan olunub və 2021-ci ilədək qüvvədədir. Martdan ölkədə dəmiryol və avtobus nəqliyyatı dayandırılıb, böyük şəhərlər arasında çoxsaylı yollar qapadılıb.

Avqustda maska taxılması məcburi elan edilib. Rəsmi orqanlar bunu havada tozunun miqdarının çox olmasıyla izah ediblər.