Belarusda etirazlar davam edir, onlarla nümayişçi saxlanıb...

Belarus - Minsk, 6 dekabr 2020

Belarusda Alyaksandr Lukaşenkanın istefası tələbi ilə aksiyalar davam edir.

Belarusda Alyaksandr Lukaşenkanın istefası tələbi ilə aksiyalar davam edir. AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, dekabrın 6-da davam edən aksiyalarda təhlükəsizlik qüvvəsinin əməkdaşları onlarla etirazçını saxlayıb.
Etirazlar paytaxt Minsk və digər şəhərlərdə davam edib.

Minskdəki Vyasna (Bahar) İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 3:20-yə olan məlumata görə 40-dan çox etirazçı saxlanıb. Saxlananlar arasında 79 yaşlı qadının da olduğu bildirilir.

Bir neçə metro stansiyasının bağlandığı, azı 2 meydanın təhlükəsizlik əməkdaşlarının mühasirəsində olduğu deyilir.

Belarusda 9 avqust prezident seçkisindən sonra Minsklə Avropa İttifaqı arasında münasibətlər kəskin pisləşib.

Bu seçkidə ölkəyə 26 il rəhbərlik etmiş Alyaksandr Lukaşenka 6-cı dəfə qalib elan edildikdən sonra Belarus boyunca kütləvi etiraz aksiyaları başlanıb.

Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını bildirir.

Avropa İttifaqı və ABŞ bu seçkinin nəticələrini və Lukaşenkanın legitimliyini tanımadığını bildirib.

Belarusda keçirilən kütləvi aksiyalarda indiyədək minlərlə fəal saxlanıb, polis dinc nümayişçilərə qarşı sərt zorakılığa əl atıb.

Avropa İttifaqı, ABŞ və bir sıra başqa ölkələr buna görə Lukaşenka və onun oğlu da daxil Belarus rəsmiləri üzərinə sanksiyalar elan edib.