Sabahdan Britaniyada peyvəndlər vurulacaq

Arxiv fotosu

Hazırda Birləşmiş Ştatlarda ən ağır vəziyyət Kaliforniyadadır, 23 milyondan çox insan sərt qadağalar şəraitində yaşamalıdır

ABŞ-ın Pfizer və Almaniyanın BioNTech şirkətlərinin hazırladığı koronavirus vaksinləri Britaniyaya çatdırılıb. Artıq sabahdan ölkədə peyvəndləmə proqramına start verilir.

Super-soyuq konteynerlərdə saxlanmış 800 min dozayadək vaksinin vaxtında çatdırılması, peyvəndləmənin dekabrın 8-də başlanması gözlənir.

20 milyon nəfərlik vaksin

Vaksinlərin 50-dək xəstəxana kompleksində yaşı 80-dən yuxarı olanlara, daha sonra yüksək risk qrupu sayılan tibb işçilərinə vurulacağı gözlənir.

Buna da bax: Moskvada vaksin vurdurmaq üçün onlayn xidmət açıldı

Britaniya Pfizer/BioNTech vaksinindən 40 milyon almaqla bağlı razılaşma imzalayıb. Bu, 20 milyon nəfərə bəs edə bilər, 21 gün aralığında iki doza vurulacaq.

Ötən həftə Britaniya Pfizer-BioNTech vaksinini təcili təsdiqləyən ilk ölkə oldu. Sınaqlar bu vaksinin 95 faiz effektiv olduğunu göstərib.

Avropada koronavirusdan ən çox ölüm Britaniyanın payına düşür – 61 mindən xəstə vəfat edib.

Dünya üzrə hökumətlər və səhiyyə agentlikləri isə Britaniyanın bir neçə ay çəkəcək vaksinasiya proqramını izləyəcəklər.

Son həftələr yoluxma və ölüm hallarında kəskin artım yaşanan Birləşmiş Ştatlar isə bu ayın sonundan peyvəndləmə başlamağı planlaşdırır.

Buna da bax: Qazaxıstan da Sputnik V vaksini istehsal edəcək

Plan keçid komandasına izah olunacaq

ABŞ-ın koronavirus vaksininin hazırlanması üzrə əsas müşaviri yeni prezident seçilmiş Co Bayden ilə bu həftə görüşməyi, peyvəndləmə proqramını müzakirə etməyi planlaşdırır.

Monsef Slaoui CBS-ə deyib ki, hökumət vaksinlərin çatdırılması üçün dövlət səhiyyə agentliklərinə bel bağlayır.

Bayden ötən həftə Tramp administrasiyasını tənqid edərək deyib ki, onun komandası hələ də plana nəzarət edən rəsmilərdən detallı plan almayıb.

Slaoui-nin sözlərinə görə, plan izah olunandan sonra keçid komandası “işlərin yaxşı planlaşdırıldığını anlayacaq”.

Buna da bax: Gündəlik ölüm 50-yə yaxınlaşır

ABŞ-da koronavirusdan 280 mindən çox, dünya üzrə 1.5 milyon nəfər vəfat edib.

Hazırda Birləşmiş Ştatlarda ən ağır vəziyyət Kaliforniyadadır, 23 milyondan çox insan sərt qadağalar şəraitində yaşamalıdır.

Cənubi Koreya Prezidenti Moon Jae-in isə testlərin miqyasının genişləndirilməsinə göstəriş verib, buna ordu və dövlət qulluqçuları səfərbər olunub.

Dekabrın 7-də bu ölkədə cəmi 615 yeni yoluxma aşkarlanıb. Son həftələr üçrəqəmli yoluxma statistikası Cənubi Koreya üçün son 9 ayın ən böyük dalğası hesab olunur.