Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4387 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3133 nəfər sağalıb.
Bunu dekabrın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, COVID-19 testinin nəticəsi müsbət çıxan daha 38 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 154152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 93411 nəfər müalicə olunaraq sağalıb, 1713 nəfər vəfat edib, aktiv xəstə sayı 59028 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18321, bu günə qədər isə ümumilikdə 1865512 test icra olunub".
48 min...
"48 min nəfər evdə müalicə alır". Bunu dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
"Ölkədə aktiv koronavirus xəstələrinin sayı 56 min nəfərdən çoxdur. 48 min nəfər evdə, 8 min nəfərdən çox insan isə xəstəxanalarda müalicə alır. Gündəlik yoluxma 4.5 min nəfərdir. Koronavirusun dünyada, qonşu ölkələrdə artma tendensiyasını nəzərə alaraq, Azərbaycanda da bu sahədə qaydaların sərtləşdirilməsi barədə qərar qəbul edilib. Məqsəd Azərbaycanda yoluxma və ölüm hallarının azaldılmasıdır", - deyə o vurğulayıb.
266 cinayət işi açılıb
2020-ci ildə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə 266 cinayət işi açılıb.
Bunu da dekabrın 8-də Operativ Qərargahın brifinqdə prezidentinin köməkçisi H.Hacıyev deyib. Onun sözlərinə görə, həmin işlərdən 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün isə istintaqı tamamlanaraq məhkəməyə göndərilib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.